Azərbaycan Türkiyəyə qaz nəqlini 31 %-dən çox artırıb

Energetika
  • 29 sentyabr, 2022
  • 13:46
Azərbaycan Türkiyəyə qaz nəqlini 31 %-dən çox artırıb

Bu ilin iyul ayında Azərbaycan Türkiyəyə 709,97 milyon kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin iyul ayı ilə müqayisədə 31,47 % çoxdur.

Bununla da iyul ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilkdə idxal etdiyi təbii qazın 20,81 %-i Azərbaycanın payına düşüb.

2022-ci ilin yanvar-iyul aylarında isə Türkiyə Azərbaycandan 5 milyard 160,38 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2021-ci ilin 7 ayının göstəriciləri ilə müqayisədə 4,8 % azdır.

Ümumilikdə isə bu ilin iyul ayında Türkiyə 3 milyard 411,44 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2021-ci ilin eyni ayın göstəricisi ilə müqayisədə 15,71 % azdır.

İyulda Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Həmin ay Rusiyadan Türkiyəyə 1 milyard 448,13 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2021-ci ilin iyul ayı ilə müqayisədə 37,2 % azdır.

İyulda ikinci yerdə İran qərarlaşıb. Bu ölkə iyulda Türkiyəyə 870,54 milyon kubmetr qaz nəql edib. Bu, 2021-ci ilin iyul ayı ilə müqayisədə 37,48 % çoxdur.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti