Azərbaycan Türkiyəyə qaz nəqlini 3 %-ə yaxın azaldıb

Energetika
  • 29 aprel, 2024
  • 12:28
Azərbaycan Türkiyəyə qaz nəqlini 3 %-ə yaxın azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 653,5 milyon kubmetr təbii qaz ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2023-cü ilin ilk iki ayı ilə müqayisədə 2,6 % azdır.

Bu ilin fevral ayında Azərbaycan Türkiyəyə 775,76 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin fevral ayı ilə müqayisədə 4,9 % azdır.

Bununla da fevralda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 14,53 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin fevral ayında Türkiyə Azərbaycandan 815,73 milyon kubmetr təbii qaz idxal edib.

Ümumilikdə isə fevralda Türkiyə ümumilikdə 5 milyard 337,32 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 11,22 % azdır.

Fevralda Rusiya Türkiyəyə qaz ixracına görə birinci olub. İlin 2-ci ayında Rusiyadan Türkiyəyə 2 milyard 757,56 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin fevral ayı ilə müqayisədə 33,48 %çoxdur.

Fevralda ikinci yerdə ABŞ qərarlaşıb. Bu ölkə fevralda Türkiyəyə 813,16 milyon kubmetr qaz nəql edib. Bu, 2023-cü ilin ikinci ayı ilə müqayisədə 20,38 % azdır.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti