Azərbaycan Türkiyəyə qaz nəqlini 27 % azaldıb
- 31 may, 2022
- 12:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin mart ayında Azərbaycan Türkiyəyə 761,58 milyon kubmetr təbii qaz ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 29 % azdır.
Bununla da mart ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Bununla da Türkiyənin ümumilkdə idxal etdiyi təbii qazın 12,25 %- Azərbaycanın payına düşüb.
2022-ci ilin yanvar-mart aylarında isə Türkiyə Azərbaycandan 2 milyard 305,42 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2021-ci ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 27 % azdır.
Ümumilikdə isə bu ilin mart ayında Türkiyə ümumilikdə 6 milyard 215,38 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2021-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 6,66 % çoxdur.
Martda Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Martda Rusiyadan Türkiyəyə 2 milyard 754,82 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2021-ci ilin mart ayı ilə müqayisədə 6,61 % çoxdur.
Martda ikinci yerdə ABŞ qərarlaşıb. Bu ölkə martda Türkiyəyə 896,99 milyon kubmetr qaz nəql edib. Bu, 2021-ci ilin mart ayı ilə müqayisədə 2,3 dəfə çoxdur.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.