Azərbaycan Türkiyəyə qaz nəqlini 23 %-dən çox artırıb

Energetika
  • 31 yanvar, 2023
  • 06:59
Azərbaycan Türkiyəyə qaz nəqlini 23 %-dən çox artırıb

2022-ci ilin noyabr ayında Azərbaycan Türkiyəyə 749,97 milyon kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2021-ci ilin noyabr ayı ilə müqayisədə 23,45 % çoxdur.

Bununla da noyabr ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilkdə idxal etdiyi təbii qazın 18,19 %-i Azərbaycanın payına düşüb.

Ötən ilin yanvar-noyabr aylarında isə Türkiyə Azərbaycandan 7 milyard 920,59 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2021-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 1,9 % azdır.

Ümumilikdə isə ötən ilin noyabr ayında Türkiyə ümumilikdə 4 milyard 123,14 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2021-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 18,34 % azdır.

Noyabrda İran Türkiyəyə qaz ixracına görə lider olub. Həmin ay İrandan Türkiyəyə 857,13 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2021-ci ilin noyabr ayı ilə müqayisədə 7,68 % çoxdur.

Noyabrda üçüncü yerdə Rusiya qərarlaşıb. Bu ölkə noyabrda Türkiyəyə 746,16 milyon kubmetr qaz nəql edib. Bu, 2021-ci ilin noyabr ayı ilə müqayisədə 53,87 % azdır.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.