Bu ilin oktyabr ayında Azərbaycandan Türkiyəyə 1 mlrd 102,83 mln kubmetr təbii qaz ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 18,3 % çoxdur. Bununla da Azərbaycanın Türkiyə qaz bazarında payı 27,39 %-ə yüksəlib. Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.
Birinci yerdə Rusiya qərarlaşıb. Oktyabrda bu ölkədən Türkiyəyə 2 mlrd 045,8 mln kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 3,44 dəfə çoxdur. Rusiya Türkiyənin qaz bazarında payı 50,62 % təşkil edib.
Oktyabrda Türkiyəyə qaz idxalında üçüncü yeri Əlcəzair tutub. Həmin ay bu ölkədən Türkiyəyə 518,58 mln kubmetr qaz idxal edib. Bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 22,86 % çoxdur. Əlcəzairin Türkiyənin qaz bazarında payı 12,83 % təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumilikdə idxal etdiyi qazın miqdarı illik müqayisədə 27,93 % artaraq 4 mlrd 041,28 mln kubmetrə çatıb.
Bu ilin yanvar-oktyabr aylarında isə Türkiyə Azərbaycandan ümumilikdə 9 mlrd 381,02 mln kubmetr qaz idxal edib. Bu, 2019-cu ilin 10 ayının nəticələri ilə müqayisədə 20,3 % çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutub.
Bu ilin 10 ayında Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutub. Yanvar-oktyabr aylarında bu ölkədən Türkiyəyə 10 mlrd 792,74 mln kubmetr təbii qaz ixrac olunub.