Azərbaycan təbii qaz ixracını 8 % artırıb
- 18 iyul, 2024
- 06:50
Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyard 825 milyon 661 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 4 milyard 68 milyon 547 min ABŞ dolları təşkil edib.
İxrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 7,9 % artıb, dəyəri isə 49,3 % azalıb.
Azərbaycanın ümumi ixracında təbii qazın payı 31,5 % olub.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,8 % azdır.
Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.
Son nəticədə xarici ticarətdə 4 milyard 33,8 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,4 dəfə azdır.