Azərbaycan Tailanda neft ixracını 2 dəfədən çox azaldıb
- 27 may, 2025
- 19:25
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Tailanda 137 min 785,75 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 75 milyon 910,84 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 4 ayı ilə müqayisədə 2,4 dəfə, dəyəri isə 2,7 dəfə azdır.
Tailanda ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 1,68 % olub.
Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumilikdə 8 milyon 203 min 845,45 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 4 milyard 562 milyon 682,52 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb.