Azərbaycan Rumıniyadan “Aİ-95” benzinin idxalını 12 dəfə artırıb
- 18 mart, 2022
- 07:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan xaricdən 4,034 milyon ABŞ dolları dəyərində 4 min 836 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 23,1 % artıb, kəmiyyət olaraq – 18 % azalıb.
Hesabat dövründə Rumıniyadan 2,303 milyon ABŞ dolları dəyərində 2 min 861 ton, Rusiyadan 1,731 milyon ABŞ dolları dəyərində 1 min 976 ton benzin alınıb.
2021-ci ilin ilk ayının göstəriciləri ilə müqayisədə Rumıniyadan tədarük müvafiq olaraq 12,3 dəfə və 11,9 dəfə artıb, Rusiyadan – 41,4 % və 63,3 % azalıb.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Aİ-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.
NEZ-də artıq bu ildən "Avro-5" standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaq. "Avro-5" dizel istehsalı üzrə işlərin 2022-ci ilin ortalarında başa çatdırılması və əsas qurğuların da həmin vaxt işə salınması planlaşdırılır. Növbəti bir il ərzində isə daha keyfiyyətli "Aİ-92" benzinin istehsalı və nəhayət "Avro-5" standartına cavab verən "Aİ-92" və "Aİ-95" benzinlərinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur. Hal-hazırda ölkədə "Aİ-95" markalı avtomobil benzini istehsal olunmur.