Azərbaycan Qazaxıstandan neft tədarükünü 2 dəfəyə yaxın azaldıb
- 25 yanvar, 2024
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan Qazaxıstandan 62 min 114,51 ton xam neft idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qazaxıstandan Azərbaycana ixrac edilən neftin dəyəri 30 milyon 431,50 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə həcm baxımından 42 min 961,49 ton və ya 1,7 dəfə, məbləğ baxımından isə illik müqayisədə 37 milyon 416,27 min ABŞ dolları və ya 2,2 dəfə azdır.
Hesabat dövründə Azərbaycan ümumilikdə 994 milyon 035,12 min ABŞ dolları dəyərində 1 milyon 782 min 452,42 ton xam neft idxal edib. Bu da 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə məbləğ baxımından 683 milyon 941,78 min ABŞ dolları və ya 3,2 dəfə, həcm baxımından isə 1 milyon 348 min 455,9 ton və ya 4,1 dəfə çoxdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 27 milyon 695,4 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 27 milyon 597,8 min tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı daha əvvəlki 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 % (əmtəəlik neftin həcmləri isə 7,5 %) azdır.