Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun toplantısına dəvət edilib

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun toplantısına dəvət edilib Toplantı bu ilin noyabrında Qətərin paytaxtı Dohada təşkil olunacaq
Energetika
30 Avqust , 2016 17:33
Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun toplantısına dəvət edilib

Bakı. 30 avqust. REPORT.AZ/ Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Seyid Məhəmməd Hüseyn Adeli Azərbaycan Energetika Nazirliyində olub. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın GECF ilə əməkdaşlığı təqdir edildiyi bildirilib. Azərbaycanın bu qurumda müşahidəçi kimi iştirakı və əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Seyid Məhəmməd Hüseyn Adeli bu ilin noyabrında Qətərin paytaxtı Dohada GECF-ə üzv olan dövlətlərin energetika nazirlərinin növbəti görüşünün keçiriləcəyi barədə məlumat verib. Bildirilib ki, nazirlərin görüşündə qaz ixrac edən ölkələrin yeni inkişaf modelinin müəyyən edilməsi, 2040-cı ilə kimi bu dövlətlərin imkanlarına baxış və yaxın gələcəkdə qaz bazarına yeni oyunçuların qatılması perspektivləri kimi əsas üç məsələ nəzərdən keçiriləcək. Qaz bazarının inkişaf tendensiyaları və yeni təkliflər müzakirə olunacaq. Azərbaycanın da bu tədbirdə təmsil olunması vacib sayılaraq, Azərbaycan GECF ölkələrinin energetika nazirlərinin görüşünə dəvət edilib.

Xatırladaq ki, Azərbaycan GECF-də müşahidəçi statusunu 21 noyabr 2015-ci il tarixində Forumun energetika nazirlərinin XVII görüşündə alıb. GECF-in əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərun təhlili Forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Azərbaycanın da GECF-ə qoşulması tranzit və ixrac qaz kəmərlərinin tikilməsi, dayanıqlı qaz hasilatının tənzimlənməsi, Xəzəryanı ölkələrin qaz kəmərlərinin bir-biri ilə əlaqələndirilməsinin öyrənilməsi, Xəzəryanı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində yeni innovasiyaların tətbiqi, bazar şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi