"Biz nəinki qaz hasilatını və ixracını artırırıq, onun coğrafiyasını da genişləndiririk".
"Report" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
"Bizim təbii qaz ixracımız artır. İxracımız 2021-ci ildə təxminən 19 milyard, ötən il 22,6 milyard kubmetr olub. Bu il isə 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu göstərir ki, Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumu uğurla həyata keçirilir. Biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq və onun coğrafiyasını genişləndiririk. Əminəm ki, bu gün layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin biz digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa biləcəyik”, - dövlət başçısı bildirib.