Azərbaycan Prezidenti: “Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur”

Azərbaycan Prezidenti: “Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur” Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var
Energetika
6 Sentyabr , 2017 14:41
Azərbaycan Prezidenti: “Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur”

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Siz yəqin bilirsiniz ki, bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur”.

“Report”un məlumatına görə, bunu Prezident İlham Əliyev sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində çıxışı zamanı deyib.

“Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var. Mən xatırlayıram, 1994-cü ildə “Əsrin kontraktı” imzalananda bizi istəməyən bəzi qüvvələr, həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır. Heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz “Azəri-Çıraq-Günəşli”dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var”-,deyə o əlavə edib.