Azərbaycan "Premium Euro-95” markalı benzinin idxalını artırıb

Energetika
  • 19 iyun, 2024
  • 08:57
Azərbaycan Premium Euro-95” markalı benzinin idxalını artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 27 min 866 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2,6 % çoxdur.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə idxal olunan “Premium Euro-95” markalı benzinin dəyəri 27 milyon 577 min ABŞ dolları (artım 9,9 %) təşkil edib.

İdxalın strukturunda bütün tədarüklərin 41,8 %-i və ya 10 milyon 848 min ABŞ dolları (azalma 36,2 %) dəyərindəki 11 min 645ton (azalma 37,6 %) Rusiyanın payına düşür.

Tədarükün qalan hissəsi aşağıdakı kimi bölüşdürülüb: Yunanıstan - 4 milyon 571,86 min dollara 4 min 254,19 ton, Bolqarıstan - 1 milyon 455,63 min dollara 1 288,34 ton, Rumıniya - 1 milyon 743 min dollara 1 645,35 min ton, BƏƏ - 697,45 min dollara 782,77 ton və Belarus - 8 milyon 260,51 min dollar məbləğində 8 min 249,65 ton.

Statistikaya görə, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana “Super Euro-98” markalı benzinin idxalı cəmi 758,1 ton (artım 33,3 %) təşkil edib ki, bunun qarşılığında da 929,4 min dollar (artım 33,3 %) ödənilib. İdxal strukturunda 337,3 min dollar dəyərində olan 275,1 ton benzin Belarusdan, 132,2 min dollar dəyərində olan 107,8 ton Bolqarıstandan, 459,95 min dollar dəyərində olan 375,2 ton isə Rumıniyadan tədarük edilib.

Xatırladaq ki, “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinlərinin Azərbaycana idxalı 2014-cü il aprelin 1-dən başlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti