Azərbaycan Portuqaliyaya neft ixrac edən ölkələr arasında ilk üçlüyə daxil olub
- 14 mart, 2024
- 11:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Portuqaliyanın neft idxal etdiyi ölkələr arasında ilk üçlüyə daxil olub.
Bu barədə “Report” Portuqaliyanın Milli Statistik İnstitutuna (İNE) istinadən məlumat verib.
Bildirilir ki, bu ilin yanvar ayında Portuqaliya Azərbaycandan 138,3 min ton neft idxal edib. Azərbaycanın “qara qızıl”ını almaq üçün 82,7 milyon avro vəsait ödənilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə neft ixracı həcm baxmından 9,7 %, məbləğ baxımından isə 7,3 % artıb.
Ümumilikdə isə 2024-cü ilin yanvarında Portuqaliya 746,1 min ton neft alıb. Bu qədər həcmdə neftin ümumi dəyəri 409,8 milyon avro təşkil edib. Bu da illik müqayisədə həcm baxımından 26,6 %, dəyər baxımından isə 32,2 % azdır.
Portuqaliyanın neft idxal etdiyi ölkələr arasında liderlik Braziliyaya məxsusdur. Yanvar ayında Portuqaliya Braziliyadan 138,9 milyon avro dəyərində 262,7 min ton neft idxal edib. İkinci yerdə Nigeriya qərarlaşıb. Portuqaliya bu Afrika ölkəsindən 71,2 milyon avro dəyərində 140,4 min ton neft alıb.
Xatırladaq ki, 2023-ü ildə Azərbaycan Portuqaliyaya 631,3 min ton neft ixrac edib. Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 1,8 dəfə azdır. Ötən il Portuqaliyanın Azərbaycandan aldığı neftin ümumi dəyəri 404,6 milyon avro təşkil edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 2 dəfə azdır.
Azərbaycan Avropa İttifaqına neft ixrac edən ölkələr sırasında (tədarük həcminə görə) 10-cu yeri tutur.