Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 18 557 ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 19,778 mln ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,325 milyon ABŞ dolları (36,8 %) və 1 092 ton (6,3 %) çoxdur.
Ötən iki ay ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 6 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracındakı payı isə 0,7 % olub.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.