Azərbaycan polietilen ixracını təxminən 40 % artırıb
- 18 may, 2023
- 08:10
Bu ilin yanvar-aprel aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 53 min 592,83 ton ilkin formalarda polietilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 54 milyon 715,74 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə polietilen istehsalı müvafiq olaraq 39,6 % və 2 % artıb.
Polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,61 % olub, ilkin formalarda polietilenin ölkənin ümumi ixracındakı payı isə 0,43 % təşkil edib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.