Azərbaycan polietilen ixracını 3 %-dən çox azaldıb
- 15 fevral, 2023
- 10:32
Bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 14 min 904 ton ilkin formalarda polietilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 14 milyon 895,18 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə polietilen istehsalı müvafiq olaraq 3,4 % və 32,1 % azalıb.
2023-cü ilin yanvar ayı ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,23 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracındakı payı 0,79 % olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Aylıq xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.