2023-cü ildə Azərbaycan payına düşən karbohidrogenlərin satışından 14 milyard 519 milyon manat və yaxud 8 milyard 540,6 milyon ABŞ dolları xalis gəlir əldə edib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilib.
Sənədə əsasən, bu Fondun 2023-cü il üzrə təsdiq edilmiş büdcə göstəricisinə nisbətən 2 milyard 753,2 milyon manat və yaxud 23,4 % çoxdur.
Hesabat ilində bir sıra yataqlar üzrə hasilat proqnozu tam yerinə yetirilməsə də, xam neftin satış qiymətinin proqnozlaşdırılmış qiymətdən yüksək olması nəticəsində Fondun bu mənbə üzrə daxilolmaları proqnoz məbləğini üstələyib. Belə ki, 2023-ci ilin büdcəsində xam neftin satış qiyməti 60 ABŞ dolları proqnozlaşdırıldığı halda, il ərzində bir barelin ortaçəkili qiyməti 83,4 ABŞ dolları təşkil edib. Neftin satış qiymətinin proqnoza nisbətdə 23,4 ABŞ dolları artıq olması ilə əlaqədar mənfəət nefti və qazın satışından daxilolmalar proqnozdan 2 milyard 753,2 milyon manat artıq olub.
2023-cü il üzrə Fondun büdcəsində profisit yaranıb, neftin satış qiymətinin proqnoza nisbətdə 23,4 ABŞ dolları artıq olması ilə bağlı mənfəət nefti və qazın satışından 8 milyard 540,6 milyon ABŞ dolları gəlirinin yaranması, habelə Fondun vəsaitinin idarə olunması üzrə gəlirliliyin 7,1 % səviyyəsində və ya əldə olunan gəlirlərin 3 milyard 728,1 milyon ABŞ dolları təşkil etməsi aktivlərin həcmində artıma səbəb olunub. Belə ki, 2023-cü ilin dekabrın 31-nə Fondun aktivləri ABŞ dolları ifadəsi ilə ilin əvvəlinə nisbətən 7 milyard 36,1 milyon ABŞ dolları və yaxud 14,4 %-ə qədər artaraq 56 milyard 69,7 milyon ABŞ dolları təşkil edib.