Azərbaycan ötən il Türkiyəyə qaz nəqlini 12 %-ə yaxın artırıb
- 27 fevral, 2025
- 13:39
2024-cü ildə Azərbaycandan Türkiyəyə ümumilikdə 11 milyard 478,4 milyon kubmetr təbii qaz ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 11,9 % çoxdur.
Ötən ilin dekabr ayında Azərbaycan Türkiyəyə 1 milyard 37,37 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin dekabr ayı ilə müqayisədə 7,83 % çoxdur.
Bununla da dekabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 14,08 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, 2023-cü ilin dekabr ayında Türkiyə Azərbaycandan 962,02 milyon kubmetr təbii qaz idxal edib.
Ümumilikdə isə dekabrda Türkiyə ümumilikdə 7 milyard 364,17 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin dekabr ayının göstəricisi ilə müqayisədə 21,46 % çoxdur.
Dekabrda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. İl ərzində Rusiyadan Türkiyəyə 3 milyard 33,38 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü illə müqayisədə 42,85 % çoxdur.
Dekabrda üçüncü yerdə ABŞ qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 2 milyard 005,57 milyon kubmetr qaz nəql edib. 2023-cü ilin dekabr ayı ilə müqayisədə ABŞ-dən Türkiyəyə qaz nəqli 70,43 % artıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.