Azərbaycan növbəti 4 ildə əmtəəlik qaz hasilatını 1,4 dəfə artıracaq
- 05 noyabr, 2021
- 10:35
2025-ci ildə Azərbaycanın əmtəəlik qaz hasilatının 2020-ci illə müqayisədə 1,4 dəfə artaraq 38,2 milyard kubmetrə çatacağı gözlənilir ki, bu da ÜDM-in artım dinamikasına müsbət təsir edəcək amildir.
"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında" qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, 2021-ci ilin sonuna Azərbaycanda 30,4 milyard kubmetr əmtəəlik təbii qaz hasil ediləcəyi gözlənilir ki, bu da 2020-ci ilin dövrü ilə müqayisədə 14,7 % çoxdur.
2022-ci ildə Azərbaycanda 32,3 milyard kubmetr əmtəəlik qazın hasil ediləcəyi proqnozlaşdırılır ki, bu da 2021-ci ilin proqnozları ilə müqayisədə 6,25 % çoxdur.
2023-cü ildə isə Azərbaycanda 36,9 milyard kubmetr əmtəəlik qazın hasil ediləcəyi proqnozlaşdırılır ki, bu da daha əvvəlki 2022-ci ilin proqnoz göstəricisindən 14,2 % çoxdur.
Sənədə əsasən, 2024-cü ildə ölkədə 38,1 milyard kubmetr əmtəəlik təbii qazın hasilatı proqnozlaşdırılır ki, bu da 2023-cü ilin hasilat proqnozundan 3,25 % çoxdur.
Proqnoza görə, 2025-ci ildə Azərbaycanda 38,2 milyard kubmetr əmtəəlik qazın hasil edilməsi nəzərdə tutulub ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 0,26 % çoxdur.