Azərbaycan neft məhsulları ixracının həcmini açıqlayıb
- 16 fevral, 2024
- 09:38
Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 28 min 058,72 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 17 milyon 434,46 min ABŞ dolları təşkil edib.
Ötən ay ixrac edilən neft məhsullarının həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,45 dəfə, dəyəri isə 2,64 dəfə azdır.
Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 0,95 % olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 925 min 225,07 ton həcmində neft məhsulları ixrac edib. Bu həcmdə məhsulun dəyəri 572 milyon 210,25 min ABŞ dolları təşkil edib.