Azərbaycan I yarımildə 11 milyon ton neft ixrac edib
- 18 iyul, 2024
- 07:06
Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyon 098 min 802 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 7 milyard 012 milyon 104 min ABŞ dolları təşkil edib.
Hesabat dövrü ərzində ixrac edilən xam neftin həcmi 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 13,4 %, dəyəri isə 10,1 % azdır.
Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 54,35 % olub.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,8 % azdır.
Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.
Son nəticədə xarici ticarətdə 4 milyard 33,8 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,4 dəfə azdır.