Azərbaycan neft ixracını 1 % azaldıb

Energetika
  • 14 iyul, 2023
  • 06:00
Azərbaycan neft ixracını 1 % azaldıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12 milyon 818 min 606,52 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 7 milyard 803milyon 144,30 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2022-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 0,8 % az, dəyəri isə 16,6 % azdır.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 43,4 % olub.

Xatırladaq ki, 6 ayda Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,4 % çoxdur.

6 aylıq xarici ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,8 % azalıb, idxal isə 29 % artıb.

Son nəticədə xarici ticarətdə 9 milyard 769 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 19,4 % azdır.