Azərbaycan neft bitumu ixracını kəskin azaldıb

Energetika
  • 18 may, 2023
  • 07:06
Azərbaycan neft bitumu ixracını kəskin azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 701,4 ton neft bitumu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 220,2 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 58,1 dəfə və 45,8 dəfə azdır.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.