Azərbaycan metanol ixracından qazancını 88 %-dək artırıb
- 30 noyabr, 2022
- 10:17
Bu ilin oktyabr ayında Azərbaycan 8,9 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 2,6 milyon ABŞ dolları və yaxud 22,6 % azdır.
2022-ci ilin yanvar-oktyabr aylarında isə Azərbaycan 112,9 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib ki, bu da 2021-ci ilin 10 aylıq göstəriciləri ilə müqayisədə 52,7 milyon ABŞ dolları və yaxud 87,5 % çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.