Azərbaycan metanol istehsalını 22 % azaldıb
- 15 dekabr, 2021
- 12:37
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 341,6 min ton həcmində metanol (metil spirti) istehsal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 % azdır.
Bu ilin dekabrın 1-nə 20,1 min ton hazır məhsul istehsalı yaranıb.
Metanol istehsalı Qaradağ rayonunda, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir. Zavod 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.