Azərbaycan mənfəət nefti və qazının satışından əldə olunan gəlirlərini açıqlayıb
- 06 mart, 2024
- 11:00
Ötən il Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) mənfəət neftinin və qazının satışından 14 milyard 519 milyon manat və ya 8 milyard 540,6 milyon ABŞ dolları vəsait daxil olub.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilir.
Bu, ARDNF-nin büdcə gəlirlərinin 67 %-ini təşkil edib.
Hesabat ilində Fondun mənfəət neftinin və qazının satışı ilə bağlı gəlirləri əvvəlki illə (11 milyard 587,6 milyon ABŞ dolları) müqayisədə 3 milyard 047 milyon ABŞ dolları və ya 26,3 % az olub.
Ötən il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağında hasilatın həcmi 132,5 milyon barel təşkil etməklə 2022-ci illə müqayisədə 19,1 milyon barel və ya 12,6 % azalıb.
Mənfəət neftinin qiymətinin büdcədə nəzərdə tutulan 60 ABŞ dollarına nisbətən yüksək olması bu maddə üzrə gəlirlərin artmasına şərait yaradıb. Belə ki, 2023-cü ildə xam neftin satış qiyməti 83,4 ABŞ dolları olub ki, bu da büdcədə nəzərdə tutulan qiymətə nisbətən 23,4 ABŞ dolları çoxdur.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.