Yuxarı
    Bağlamaq

    Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya yaradılıb

    Laboratoriya “Azərsu” ASC-nin dəstəyi ilə yaradılıb

    Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərsu” ASC-nin dəstəyi ilə yaradılmış su təchizatı problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyasının açılışı olub.

    “Report” “Azərsu” ASC-yə istinadən məlumat verir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək, Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasının başlıca vəzifə olduğunu və yeni yaradılan laboratoriyanın təhsilin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

    “Azərsu” ASC-nin Elm, texnika və xarici əlaqələr şöbəsinin rəisi Çingiz Abdullayev qeyd edib ki, ötən dövrdə “Azərsu” ASC və AzMİU-nun təşkilatçılığı ilə birgə tədbirlər keçirilib, universitetin tələbələri “Yay məktəbi”, istehsalat təcrübələrinə cəlb olunub, “Təqaüd Proqramı”nın imkanlarından faydalanıblar.

    “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının müdiri Elşən Nəzərov yeni yaradılmış laboratoriya barədə ətraflı məlumat verərək bildirib ki, bu sahədə “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının təcrübəsi əsas götürülüb. Laboratoriyada Almaniya, ABŞ və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Bu cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi göstəricilərini təyin etmək, analizlər aparmaq mümkün olacaq.

    Hazırda laboratoriyada quraşdırılmış cihaz və avadanlıqlar içməli su və tullantı sularının 40-dək göstəricisini təyin etməyə imkan verir. “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası tərəfindən kadr hazırlığı sahəsində müvafiq tədbirlər də həyata keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi