Azərbaycan “Latvijas gaze” şirkətinin səhmdarlarından biri ola bilər

Azərbaycan “Latvijas gaze” şirkətinin səhmdarlarından biri ola bilər “Bu istiqamətdə işlər aparılır və yaxın gələcəkdə burada maraqlı xəbərlər ola bilər”
Energetika
6 Dekabr , 2022 17:38
Azərbaycan “Latvijas gaze” şirkətinin səhmdarlarından biri ola bilər

Azərbaycan tezliklə Latviyanın “Latvijas gaze” şirkətinin səhmdarlarından birinə çevrilə bilər.

“Report”un Latviyanın “Baltijas Balss” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Avropa Parlamentinin deputatı Andris Ameriks bildirib.

“Bu istiqamətdə işlər aparılır və yaxın gələcəkdə burada maraqlı xəbərlər ola bilər”, - deyə A. Ameriks bildirib.

Onun sözlərinə görə, bu günlərdə Brüsseldə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri ilə danışıqlar aparılıb: "Azərbaycanla əməkdaşlıq müzakirə edilib: İndiki geosiyasi vəziyyətdə Azərbaycan Avropa İttifaqı üçün ciddi tərəfdaşa çevrilə bilər ki, bu da bizə enerji problemlərini həll etməyə kömək edəcək. Azərbaycan artıq Bolqarıstan, Yunanıstan kimi Avropa ölkələrinə təbii qaz nəql edir, İtaliyanın tələbatının 60 %-i Azərbaycan qazı hesabına ödənilir. Bu hələ tam deyil”.

A.Ameriks bildirib ki, bu əməkdaşlığın yeni vektorları Latviya şirkəti üçün geniş imkanlar açır: “Bizə iş yerlərini saxlamağa və yenilərini yaratmağa imkan verir. Necə deyərlər, bir qapı bağlansa, digəri açılacaq”.

Qeyd edək ki, Latviyanın “Latvijas gaze” şirkətinin əsas səhmdarları Rusiyanın “Qazprom” şirkəti (34 %), “Marguerite Gas II.S.a.r.l” fondu (28,97 %), “Uniper Ruhrgas International GmbH” (18,26 %) və “Itera Latvija” (16 %) şirkətlərinə məxsusdur. Səhmlərin digər hissəsi – 2,77 %-i Riqa Fond Birjasında sərbəst tədavüldədir.

Son xəbərlər

Orphus sistemi