Azərbaycan İtaliyaya qaz satışını 32 %-ə yaxın artırıb
- 18 yanvar, 2024
- 09:51
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan İtaliyaya 9 milyard 476 milyon 453,4 min kubmetr təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İtaliyaya ixrac edilən Azərbaycan qazının dəyəri 7 milyard 448 milyon 817,78 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə həcm baxımından 1 milyard 406 milyon 862,29 min kubmetr (17,4 %), məbləğ baxımından isə 3 milyard 440 milyon 473,48 min ABŞ dolları (31,6 %) azdır.
Gömrük bəyannamələrinə əsasən, hesabat dövründə Azərbaycan ümumiyyətlə 24 milyard 379 milyon 905,36 min kubmetr həcmində təbii qaz ixrac edib. İxrac edilən təbii qazın dəyəri 12 milyard 775 milyon 689,97 min ABŞ dolları təşkil edib. İl ərzində təbii qazın həcmi 30,74 % artıb, dəyəri isə 13,72 % azalıb.
Azərbaycanın ümumi ixracında təbii qazın payı 40,54 % olub.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib.