Azərbaycan İraqdakı neft yataqlarında qazma layihələrində iştirak edəcək

Energetika
  • 01 aprel, 2022
  • 10:11
Azərbaycan İraqdakı neft yataqlarında qazma layihələrində iştirak edəcək

İraqın qazma şirkəti “Iraqi Drilling Company” (IDC) SOCAR AQŞ şirkəti ilə neft quyularının kompleks qazma və neft-mədən xidmətləri üzrə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Bu barədə “Report” İraqın Neft Nazirliyinə istinadən məlumat verib.

İDC şirkətinin baş direktoru Bassim Əbdül Kərim bildirib ki, müqavilə neft quyularının qazılması və rekultivasiyası sahəsində əməkdaşlığı nəzərdə tutur.

O qeyd edib ki, müqavilənin müddəti üç ildir və gələcəkdə uzadıla bilər.

Xatırladaq ki, razılaşma İraqın neft naziri İhsan Əbdül-Cabbar İsmayılın ötən ilin sentyabr ayında Azərbaycana və İraq Qazma Şirkətinin baş direktoru Bassim Əbdül Kərimin bu ilin yanvar ayında SOCAR-ın baş ofisinə səfərindən sonra əldə olunub.

SOCAR AQŞ-dən "Report"a bildirilib ki, müqavilə İraqda milli və beynəlxalq neft şirkətləri üçün qazma layihələrinin həyata keçirilməsində əməkdaşlığı nəzərdə tutur.

“Beynəlxalq inkişaf və kompleks qazma layihələrini həyata keçirmək üçün imkanlarımızı genişləndirmək kimi məqsədlərimizin bir hissəsi olaraq, fəaliyyətimizin coğrafiyasını genişləndirməkdən məmnunuq. Bu əməkdaşlıq Azərbaycan və İraq arasında işgüzar əlaqələr, təcrübə və bilik mübadiləsi, eləcə də biznesin genişləndirilməsi üçün yeni imkanlar yaradır”, - SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev bildirib.

Xatırladaq ki, bu ilin əvvəlində SOCAR AQŞ və İraq Qazma Şirkəti qazma əməliyyatları üzrə əməkdaşlığın davam etdirilməsi haqqında ilkin razılıqları əks etdirən protokol imzalayıb.

Qeyd edək ki, SOCAR AQŞ 2007-ci ildə SOCAR, “Nobel Energy və Abşeron Qazma Şirkəti tərəfindən yaradılmış kompleks qazma və quyu xidmətləri şirkətidir.

44 - Tezliklə