Azərbaycan I yarımildə ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

Energetika
  • 18 iyul, 2024
  • 07:54
Azərbaycan I yarımildə ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 310 min 644 ton neft məhsulları ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 213 milyon 925 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 41,8 %, dəyəri isə 32,3% azdır.

Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,7 % olub.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,8 % azdır.

Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.

Son nəticədə xarici ticarətdə 4 milyard 33,8 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,4 dəfə azdır.