Azərbaycan I yarımildə Gürcüstanın əsas təbii qaz tədarükçüsü olub
- 20 iyul, 2024
- 06:21
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 125,95 milyon ABŞ dolları dəyərində 831 milyon kubmetr təbii qaz idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 13 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 226,6 milyon ABŞ dolları dəyərində 1 milyard 210 milyon kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 17 % və 6 % azdır. O cümlədən, Gürcüstana Rusiyadan 100,58 milyon ABŞ dolları dəyərində 379,66 milyon kubmetr, İrandan 36,8 min ABŞ dolları dəyərində 22,54 min kubmetr, Çindən 16,29 min ABŞ dolları dəyərində 8,19 min kubmetr, Böyük Britaniyadan 15,14 min ABŞ dolları dəyərində 0,01 min kubmetr təbii qaz idxal edilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 445 milyon ABŞ dolları dəyərində 2,25 milyard kubmetr təbii qaz alıb ki, bunun da 313,5 milyon ABŞ dolları dəyərində 1,8 milyard kubmetri Azərbaycanın payına düşüb.