Azərbaycan I rübdə hansı ölkələrdən neft idxal edib?
- 22 may, 2024
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan 2024-cü ilin birinci rübündə 231 min 891,27 ton neft idxal edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Statistik məlumatlara görə, hesabat dövründə idxal olunan neftin dəyəri 130 milyon 022,2 min ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-mart aylarında Azərbaycana neft idxalı kəmiyyət ifadəsində 53,3 %, dəyər ifadəsində 55,2 % azalıb.
İdxalın strukturunda tədarükün böyük hissəsi Rusiyadan olub ki, buradan hesabat dövründə 93 milyon 725,43 min ABŞ dolları (19,3 % az) dəyərində 172 min 512,67 ton (13,8 % az) neft idxal edilib.
Azərbaycan 2024-cü ilin I rübündə neftin qalan hissəsini Qazaxıstandan idxal edib. Bu göstərici 18 milyon 970,83 min ABŞ dolları məbləğində 28 min 804,35 ton təşkil edib.
Türkmənistandan isə ölkəyə 17 milyon 325,94 min ABŞ dolları dəyərində 30 min 574,26 ton neft idxal olunub.
Eyni zamanda, Dövlət Statistika Komitəsi neftin hansı məqsədlə idxal edildiyini dəqiqləşdirmir.
Qeyd edilib ki, Azərbaycan 2023-cü ildə 1 milyard 77 milyon 237,6 min ABŞ dolları (2,4 dəfə çox) dəyərində 1 milyon 917 min 793,68 ton (2022-ci illə müqayisədə 2,9 dəfə çox) neft idxal edib.
Bununla yanaşı, 2023-cü ildə Rusiyadan 729 milyon 263,74 min ABŞ dolları (5,5 dəfə çox) dəyərində 1 milyon 303 min 999,1 ton (6,6 dəfə çox) neft idxal edilib.