Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları idxal etdiyi əsas bazarlardan olub
- 22 yanvar, 2024
- 10:27
Ötən il Gürcüstan Azərbaycandan 409,1 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 0,7 % çoxdur.
Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən 63 ölkə sırasında 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1,68 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da bir il əvvəlki göstəricidən 13 % azdır. O cümlədən, Gürcüstan Rusiyadan 742 milyon ABŞ dolları dəyərində, Rumıniyadan 168 milyon ABŞ dolları dəyərində, Bolqarıstandan 97 milyon ABŞ dolları dəyərində, Türkmənistandan 85 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 1,94 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 406 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan tədarükünə çəkdiyi xərci 0,5 % azalıb.