Azərbaycan Gürcüstana qaz nəqlini 19 %-dən çox azaldıb

Energetika
  • 19 yanvar, 2024
  • 09:27
Azərbaycan Gürcüstana qaz nəqlini 19 %-dən çox azaldıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstana 1 milyard 941 milyon 157 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gürcüstana ixrac edilən Azərbaycan qazının dəyəri 319 milyon 697,72 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə həcm baxımından 463 milyon 541,71 min kubmetr (19,3 %), məbləğ baxımından isə 4 milyon 17,73 min ABŞ dolları (1,2 %) azdır.

Gömrük bəyannamələrinə əsasən, hesabat dövründə Azərbaycan ümumiyyətlə 24 milyard 379 milyon 905,36 min kubmetr həcmində təbii qaz ixrac edib. İxrac edilən təbii qazın dəyəri 12 milyard 775 milyon 689,97 min ABŞ dolları təşkil edib. İl ərzində təbii qazın həcmi 30,74 % artıb, dəyəri isə 13,72 % azalıb.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana təbii qaz Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə nəql edilir. CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), TPAO (19,00 %) və NİKO (10 %) çıxış edirlər.