Azərbaycan Gürcüstana qaz ixracının həcmini açıqlayıb

Energetika
  • 02 aprel, 2024
  • 07:27
Azərbaycan Gürcüstana qaz ixracının həcmini açıqlayıb

Bu ilin yanvar ayında Azərbaycan Gürcüstana 154 milyon 842,62 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gürcüstana ixrac edilən Azərbaycan qazının dəyəri 26 milyon 033,68 min ABŞ dolları təşkil edib.

Bu, 2023-cü ilin ilk ayı ilə müqayisədə həcm baxımından 10 milyon 454,05 min kubmetr (6,32 %), məbləğ baxımından isə 10 milyon 834,09 min ABŞ dolları (29,4 %) azdır.

Ümumilikdə, bu ilin yanvar ayında Azərbaycan 739 milyon 790,78 min ABŞ dolları dəyərində 1 milyard 931 milyon 879,69 min kubmetr həcmində təbii qaz ixrac edib. İl ərzində ixrac edilən təbii qazın həcmi 7,6 dəfə, dəyəri isə 5,3 % artıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Gürcüstana 346 milyon 624,96 min ABŞ dolları dəyərində 2 milyard 148 milyon 664 min kubmetr təbii qaz ixrac edib. Bu, 2022-ci illə müqayisədə həcm baxımından 432 milyon 550,2 min kubmetr (16,8 %), məbləğ baxımından isə 4 milyon 106,99 min ABŞ dolları (0,9 %) azdır.

Azərbaycandan Gürcüstana təbii qaz Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə nəql edilir. CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBK-nın genişləndirilməsi layihəsi çərçivəsində isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), TPAO (19 %), NİKO (10 %) çıxış edirlər.