Azərbaycan Gürcüstana neft və neft məhsulları ixracını 13 dəfə azaldıb
- 21 fevral, 2023
- 09:22
Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 1,413 milyon ABŞ dolları dəyərində neft və neft məhsulları ixrac edilib.
“Report” Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 dəfə azdır.
Hesabat dövründə Azərbaycandan Gürcüstana ixrac edilən bu məhsulun həcmi isə illik müqayisədə 13,2 dəfə azalaraq 1,28 min tona enib.
Eyni dövrdə Gürcüstan daha iki ölkədən (Rusiya və Türkiyə) neft və neft məhsulları idxal edib. Rusiyadan 56,672 milyon ABŞ dolları dəyərində 75,08 min ton neft və neft məhsulları idxal edilib ki, bu da, illik müqayisədə müvafiq olaraq 6,6 dəfə və 6,3 dəfə çoxdur. Türkiyədən isə 2,162 milyon ABŞ dolları (əvvəlki il olmayıb) dəyərində 2,404 min ton (əvvəlki il olmayıb) neft və neft məhsulları tədarük edilib.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 % azalaraq 120,453 milyon ABŞ dolları olub. Bu da, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,2 %-ni təşkil edib.
Eyni dövrdə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 11 % artaraq 51,937 milyon ABŞ dolları (ümumi ixracın 11,3 %-ni), Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11 % azalaraq 68,5 milyon ABŞ dolları (ümumi idxalın 6,8 %-i) təşkil edib.