Yuxarı
    Bağlamaq

    Azərbaycan “EXPO-2017” Beynəlxalq Sərgisində iştirak etmək üçün pavilyonu təhvil alıb

    İyunun 10-dan sentyabrın 10-na qədər davam edəcək sərgidə Azərbaycan Milli Gününün iyulun 9-da keçirilməsi nəzərdə tutulub

    Bakı. 27 yanvar. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astana şəhərində “EXPO-2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində Azərbaycan Milli Pavilyonu üçün ayrılmış yerin təhvil alınmasını təsdiqləyən sənəd imzalanıb.

    Bu barədə "Report"a Energetika Nazirliyindən bildirilib. 

    Məlumata görə, sənədi “Astana EXPO-2017” Milli Şirkətinin Sərginin inşası üzrə baş direktoru Bolatkan Sandıkbayev və Energetika Nazirliyinin Aparat rəhbəri İftixar Hüseynov imzalayıb.

    İyunun 10-dan sentyabrın 10-na qədər davam edəcək sərgidə Azərbaycan Milli Gününün iyulun 9-da keçirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin müvafiq göstərişi ilə respublikamızı “EXPO 2017” sərgisində təmsil edəcək milli seksiyanın komissarı energetika naziri Natiq Əliyevdir.

    403,3 kvadratmetrlik əraziyə malik Azərbaycan milli pavilyonu istifadə üçün lazımi vəziyyətdədir. Pavilyonun “Odlar Yurdu - Keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan konsepsiyası isə Azərbaycan tarixi, mədəniyyət və incəsənəti, elmi, insan kapitalı, tolerantlıq ənənələri, ölkəmizin müasir iqtisadiyyatı, Xəzər, Qədim İpək Yolu, Qobustan kimi dəyərlərimizi nümayiş etdirir. Azərbaycanda ənənəvi enerjidən alternativ enerjiyə keçidin tarixi təkamül yolunun bu dəyərlər kontekstində təqdimatı nəzərdə tutulur.

    “EXPO- 2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində 100-dən artıq ölkənin və 18 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir. Sərgi enerjidən istifadə sahəsində nailiyyətlər və perspektivlər, o cümlədən ekoloji təmizlik, enerji resurslarından istifadə zamanı ətraf mühitin mümkün qədər qorunması vəs. bu kimi mövzulara həsr olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi