Azərbaycan əsas tədarük bazarlarına aviasiya yanacağı ixracını kəskin azaldıb

Energetika
  • 24 noyabr, 2021
  • 07:16
Azərbaycan əsas tədarük bazarlarına aviasiya yanacağı ixracını kəskin azaldıb

Azərbaycan bu ilin ilk 9 ayı ərzində 15,408 milyon ABŞ dolları dəyərində 30,604 min ton reaktiv mühərriklər üçün kerosin yanacağı ixrac edib.

“Report”un Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 66,66 %, kəmiyyət olaraq – 65,12 % azdır.

Builki ixracın həcmi ən azı son 10 ildə (Qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) qeydə alınan ən aşağı səviyyədir. Belə ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində bu məhsulun ixracının həcmi 145,31 min ton, 2018-ci ilin - 255,41 min ton, 2017-ci ilin - 140,27 min ton, 2016-cı ilin – 173,5 min ton, 2015-ci ilin – 186,56 min ton olub. Eyni zamanda 2014-cü ilin 12 ayı ərzində (Qeyd: 2011-2014-cü illər üzrə xarici ticarətin rüblük statistikası rəsmi mənbələrdə yoxdur) aviasiya yanacağı ixracının həcmi 295,38 min ton, 2013-cü ildə 252,92 min ton, 2012-ci ildə 258,48 min ton, 2011-ci ildə 243,47 min ton olub.

Azalma ilk növbədə əsas tədarük bazarı olan Əfqanıstana ixrac həcminin 99,97 % azalması hesabına olub. Belə ki, 2020-ci ilin ilk 9 ayı ərzində adı çəkilən yanacağın cəmi ixracının 55,74 %-i, əvvəlki ildə isə - 59,17 %-i bu ölkənin payına düşüb. Eyni zamanda əsas tədarük bazarları olan Lüksemburqa ixracın həcmi 30,43 %, Ukraynaya – 68,6 %, Rusiyaya – 85,78 %, Türkiyəyə - 47,1 %, Almaniyaya – 84,15 %, Birləşmiş Ərəb Əmirliklərinə - 96,55 %, Qətərə - 99,21 %, Çinə - 96,99 %, Hindistana – 95,14 % azalıb. Ötən ilin eyni dövründə bu ölkələrə müvafiq olaraq 21,04 min ton, 3,53 min ton, 3,24 min ton, 2,23 min ton, 1,94 min ton, 1,69 min ton, 701,74 ton, 637,1 ton, 558,23 ton mühərriklər üçün kerosin yanacağı tədarük edilib.

Gürcüstana bu yanacağın ixracı cari ilin ilk 9 ayının nəticələrinə görə ötənilki 6,75 tondan 11 min 973,42 tona kimi artıb. Ümumilikdə yeddi ökəyə ixracın həcmində artım qeydə alınıb. Onların (Gürcüstan istisna olmaqla) cəmi ixracın həcmindəki toplam payı 1,09 %-ə bərabər olub. Azərbaycan bu il bütovlükdə 37 ölkəyə ixrac həyata keçirib. Ötən ilin eyni dövrü üçün bu göstərici 60-a bərabər olub.

Son xəbərlər

Bütün Xəbər Lenti