Azərbaycan “Equinor” şirkətinə bərpa olunan enerji sahəsində əməkdaşlıq təklif edib

Azərbaycan “Equinor” şirkətinə bərpa olunan enerji sahəsində əməkdaşlıq təklif edib
Energetika
29 May , 2019 15:21
Azərbaycan “Equinor” şirkətinə bərpa olunan enerji sahəsində əməkdaşlıq təklif edib

Energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat üzrə baş vitse-prezidenti Tore Loset ilə görüşüb.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, T. Loset “Equinor” şirkətinin “Azəri-Çıraq-Günəşli” yataqlar bloku və “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu”, “Aypara” perspektiv layihələrində iştirakından, Azərbaycanla uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Neft-qaz layihələri ilə yanaşı, “Equinor” ilə əməkdaşlığın yeni istiqaməti kimi bərpa olunan enerji sahəsi üzrə nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

P.Şahbazov “Equinor”un Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirib və şirkətlə əməkdaşlığın daha da inkişafı üçün bərpa olunan enerji sahəsində imkanların olduğunu bildirib. Nazir ölkədə bərpa olunan enerji sahəsinin inkişafı, bu sahəyə investisiya qoyuluşunun təşviqi ilə bağlı həyata keçirilən tədbirlər barədə danışıb.

O bildirib ki, beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanan “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun, nümunəvi enerji alqı-satqı müqaviləsinin və bərpa olunan enerji mənbələri üzrə qurğuların elektrik enerjisi şəbəkəsinə qoşulmasına dair qaydalarının ilkin layihələri nazirliyə təqdim olunub və hazırda bu sənədlər üzrə müzakirələr aparılır.

Görüşdə cari ilin fevral ayında imzalanmış Anlaşma Memorandumu çərçivəsində görülüb və planlaşdırılan işlər ətrafında fikir mübadiləsi aparılıb.