Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Dövlət Neft Şirkətində müşavirə keçirilib

    SOCAR 2014-cü ildə öz tarixində ilk dəfə olaraq büdcəyə rekord səviyyədə - 1,8 mlrd. manat həcmində ödəmələr edib

    Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

    Şirkətin idarə və müəssisə rəhbərlərinin də iştirak etdiyi müşavirəni Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev açaraq 2014-cü ildə Azərbaycanın neft-qaz sənayesinin qazandığı nəailiyyətlər, qlobal və regional əhəmiyyətli "Cənub Qaz Dəhlizi" çərçivəsində həyata keçirilən Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu (TANAP) qaz boru kəmərinin inşası və digər layihələrin gedişi haqqında məlumat verib. Onun sözlərinə görə, 2014-cü il dünya bazarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, SOCAR üçün uğurlu keçib və əsas göstəricilər üzrə proqnozlara tam əməl olunub.

    Şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, vitse-prezidentlər Süleyman Qasımov və Mikayıl İsmayılov ilin əsas istehsalat göstəriciləri və 2015-ci ildə planlaşdırılan əsas istiqamətlər haqqında məruzə ediblər.

    SOCAR-ın ümumi aktivlərinin həcmi 2014-cü il 1 iyul tarixinə 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə artaraq 24,442 mlrd. manata çatıb. SOCAR 2014-cü ildə öz tarixində ilk dəfə olaraq büdcəyə rekord səviyyədə - 1,825 mlrd. manat həcmində ödəmələr (gəlir vergisi istisna olmaqla) edib.

    Şirkətin prezidenti R.Abdullayev müşavirəyə yekun vuraraq 2015-ci ildə qarşıda duran məsələlərdən danışıb, idarə rəhbərlərinə konkret göstərişlər verib. Onun sözlərinə görə, yeni ildə SOCAR-ın həyata keçirəcəyi neft-qaz əməliyyatlarının başlıca məqsədi Azərbaycanın yanacaq-enerji balansına uyğun olaraq, neft məhsullarına və təbii qaza ölkədaxili tələbatın təmin olunmasından ibarətdir. Bu məqsədlə şirkətin bütün idarə və müəssisələrində xərclərin optimallaşdırılmasına nail olunmalıdır. 

    R.Abdullayev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə müşavirə iştirakçılarını, eləcə də bütün neft-qaz və kimya sənayesi işçilərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi