“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bu il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin ümumi daxili məhsulun 78,5 %-ni təşkil edəcəyini proqnozlaşdırır.
“Report” reytinq agentliyinə istinadən xəbər verir ki, proqnoşlaşdırılan ÜDM-yə uyğun olaraq likvid aktivlərin məbləği təxminən 35,325 milyard ABŞ dolları təşkil edəcək.
Hesabata əsasən, ARDNF-nin aktivlərinin ÜDM-yə nisbəti 2022-2024-cü illərdə isə 74,7 % (35,856 mlrd ABŞ dolları), 71,7 % (36,567 mlrd ABŞ dolları) və 71,2 % (38,448 mlrd ABŞ dolları) səviyyəsində gözlənilir.
Son 1 ildə ARDNF-nin valyuta ehtiyatları 241 milyon ABŞ dolları və yaxud 0,6 % artaraq, bu il yanvarın 1-nə 43 mlrd 564,3 mln ABŞ dolları təşkil edib.
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ötən il Fondun büdcə xərcləri büdcə gəlirlərini üstələsə də, vəsaitlərin idarə edilməsindən əldə edilmiş və büdcədənkənar gəlirlər (3,2 milyard ABŞ dolları) hesabına aktivlərdə artım baş verib.