Azərbaycan dizel istehsalını 25 %-dək azaldıb
- 14 sentyabr, 2022
- 09:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 461,3 milyon manat təşkil edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2021-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 10,3 % azdır.
Hesabat dövründə 784,2 min ton həcmində avtomobil benzini, 1 milyon 264,5 min ton dizel yanacağı, 23,4 min ton sürtkü yağları, 257,5 min ton neft bitumu istehsal edilib.
Belə ki, 8 ay ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 2,5 %, sürtkü yağlarının istehsalı 42,2 %, dizel yanacağının istehsalı 24,7 % azalıb, neft bitumunun istehsalı isə 8,6 % artıb.
Həmçinin, bu ilin yanvar-avqust ayları ərzində ölkədə 188,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 357,4 min ton ağ neft, 67,4 min ton yanacaq mazutu, 116,6 min ton neft koksu istehsal edilib.
Son bir ildə Azərbaycanda neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7 %, neft koksunun istehsalı 33,8 % azalıb, yanacaq mazutunun istehsalı 2,2 dəfə, ağ neftin istehsalı 6,1 % artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsinin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur. Layihəyə əsasən 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.