Azərbaycan daha üç ölkəyə sürtkü yağı ixracına başlayıb

Energetika
  • 15 dekabr, 2022
  • 06:08
Azərbaycan daha üç ölkəyə sürtkü yağı ixracına başlayıb

2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 28,553 milyon ABŞ dolları dəyərində 22 min 859 ton sürtkü yağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40,1 % çoxdur, kəmiyyət olaraq – 5,4 % azdır.

Türkiyəyə 12,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % çoxdur) 11 min 473 ton (-4,6 %), Ukraynaya 4,22 milyon ABŞ dolları dəyərində (-34,5 %) 3 min 246 ton (-59 %), İraqa 2,91 milyon ABŞ dolları dəyərində (+3,2 dəfə) 1 min 957 ton (+2,7 dəfə), Bosniya və Herseqovinaya 2,764 milyon ABŞ dolları dəyərində 2 min 097 ton, İtaliyaya 1,246 milyon ABŞ dolları dəyərində (+52 dəfə) 938,9 ton (+45 dəfə) məhsul satılıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bosniya və Herseqovinaya, İspaniyaya və Seneqala tədarük həyata keçirilib. İspaniyaya 144,33 min ABŞ dolları dəyərində 99,62 ton və Seneqala 0,44 min ABŞ dolları dəyərində 0,04 ton sürtkü yağı göndərilib.

Hesabat dövründə Azərbaycana 108,126 milyon ABŞ dolları dəyərində (+55,4 %) 54 min 357 ton (+73,2 %) sürtkü yağı idxal edilib.

Türkiyədən 29,11 milyon ABŞ dolları dəyərində (+74 %) 10 min 798 ton (+53 %), Rusiyadan 26,1 milyon ABŞ dolları dəyərində (+88 %) 21 min 922 ton (+2,4 dəfə), Almaniyadan 18,297 milyon ABŞ dolları dəyərində (+26,1 %) 4 min 836 ton (+18,4 %), Türkmənistandan 5,402 milyon ABŞ dolları dəyərində (+8,7 dəfə) 6 min 577 ton (+10,5 dəfə), Belçikadan 5,031 milyon ABŞ dolları dəyərində (+7,8 %) 1 min 578 ton (-2,5 %) məhsul alınıb.