Azərbaycan daha iki ölkədən elektrik sayğacı almağa başlayıb

Energetika
  • 31 yanvar, 2023
  • 10:36
Azərbaycan daha iki ölkədən elektrik sayğacı almağa başlayıb

2022-ci ilin ilk 11 ayında Azərbaycana xaricdən 7,6 milyon ABŞ dolları dəyərində 247 min 096 ədəd elektrik enerjisi sayğacı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 33,5 %, kəmiyyət olaraq – 19,5 % azdır.

Hesabat dövründə Çindən Azərbaycana 5,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 48 % azdır) 97 min 176 ədəd (-29 %), Türkiyədən 2,342 milyon ABŞ dolları dəyərində (+56 %) 148 min 970 ədəd (-11,6 %), Rusiyadan 118 min ABŞ dolları dəyərində (+93 %) 701 ədəd (+37 %), Fransadan 65,21 min ABŞ dolları dəyərində (+325 dəfə) 10 ədəd (+5 dəfə), Almaniyadan 4,78 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 16 ədəd (-58 %) cihaz idxal edilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sloveniya və Yaponiyadan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 0,59 min ABŞ dolları dəyərində 80 ədəd və 1,9 min ABŞ dolları dəyərində 1 ədəd sayğac alınıb.