Azərbaycan daha bir ölkəyə neft bitumu satmağa başlayıb
- 17 iyun, 2022
- 12:50
Bu ilin ilk 4 ayı ərzində Azərbaycandan xaricə 10,076 milyon ABŞ dolları dəyərində 40 min 784 ton neft bitumu göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40,9 %, kəmiyyət olaraq – 2,8 % çoxdur.
Hesabat dövründə Türkiyəyə 4,303 milyon ABŞ dolları dəyərində 18 min 531 ton, Gürcüstana 4,041 milyon ABŞ dolları dəyərində 14 min 955 ton, Özbəkistana 732,64 min ABŞ dolları dəyərində 2 min 756 ton, Ukraynaya 511,58 min ABŞ dolları dəyərində 2 min 507 ton (aprel ayında tədarük olmayıb), Türkmənistana 439,91 min ABŞ dolları dəyərində 1 min 999 ton məhsul ixrac edilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyəyə tədarük müvafiq olaraq 4,2 dəfə və 3 dəfə artıb, Gürcüstana – 37,3 % artıb və 5,1 % azalıb, Özbəkistana – 66,5 dəfə və 42 dəfə artıb, Ukraynaya – 58,1 % və 63,3 % azalıb, Türkmənistana – 76,4 % və 81,6 % azalıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstana tədarük həyata keçirilib. Azərbaycan bu ölkəyə 3,74 min ABŞ dolları dəyərində 17,02 ton neft bitumu satıb.