Azərbaycan daha bir ölkədən "Aİ-95" benzini tədarük etməyə başlayıb

Energetika
  • 15 avqust, 2022
  • 08:09
Azərbaycan daha bir ölkədən Aİ-95 benzini tədarük etməyə başlayıb

2022-ci ilin birinci yarısında Azərbaycan 45,257 milyon ABŞ dolları dəyərində 46 min 267 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,3 %, kəmiyyət olaraq – 38,6 % azdır.

Hesabat dövründə Rusiyadan 22,968 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 26,7 % azalıb) 23 min 705 ton (-48,3 %), Bolqarıstandan 11,306 milyon ABŞ dolları dəyərində 9 min 917 ton, Rumıniyadan 6,505 milyon ABŞ dolları dəyərində (-64,2 %) 7 min 286 ton (-71,3 %), Türkmənistandan 4,154 milyon ABŞ dolları dəyərində (+21,4 dəfə) 4 min 945 ton (+14 dəfə), Belarusdan 323,02 min ABŞ dolları dəyərində 413,75 ton məhsul alınıb.

Bir il 9 aylıq aradan sonra Bolqarıstandan "Aİ-95" benzinin alışı bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusdan tədarük həyata keçirilib.

Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (8 ölkədən) gətirilən 147 min 412 ton "Aİ-95" benzinin 44,5 %-i Rumıniyanın, 35,2 %-i Rusiyanın payına düşüb.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Aİ-92" benzini, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.

NEZ-də artıq bu ildən "Avro-5" standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaq. Növbəti bir il ərzində isə daha keyfiyyətli "Aİ-92" benzinin istehsalı və nəhayət "Avro-5" standartına cavab verən "Aİ-92" və "Aİ-95" benzinlərinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur. Hal-hazırda ölkədə "Aİ-95" markalı avtomobil benzini istehsal olunmur.

44 - Tezliklə