Azərbaycan Çexiyaya neft ixracını 32 %-ə yaxın artırıb
- 21 may, 2025
- 12:54
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Çexiyaya 558 min 693,27 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 304 milyon 667,44 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 31,6 %, dəyəri isə 12,1 % çoxdur.
Yanvar-aprel aylarında Azərbaycandan Çexiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 6,81 % olub.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyon 203 min 845,45 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 4 milyard 562 milyon 682,52 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb.