Azərbaycan bu il ixrac etdiyi neftin həcmini açıqlayıb
- 13 mart, 2025
- 13:54
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 3,7 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir.Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon ton və ya 5,1 % azdır.
Hesabat dövründə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xətti ilə neft ixracı 0,4 milyon ton təşkil edib. İl ərzində bu göstərici 0,1 milyon və ya 20 % azalıb.
Bu ilin yanvar-fevral aylarında konsorsium 3,2 milyon tonu neft ixrac edib. Bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 0,2 milyon ton və ya 5,9 % azdır.
Xəzər dənizinin Azərbaycan sektorundan ixrac olunan neftin 0,1 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.